Sahibkar, savadlı mühəndis və sənayeçi Özdemir Bayraktar 2021-ci il oktyabrın 18-də vəfat etdikdə, Milli Texnologiya Hərəkatı üçün kritik olan və uğurla tamamlanan mərhələləri geridə buraxdı.
Özdemir Bayraktar tək bir drel aparatı ilə qurduğu “Baykar”da dəqiq emal sektoru üçün bir çox orijinal maşın dizaynı, istehsalı və hissələri emal aparatı dizayn proseslərini idarə etdi. “Baykar”ın milli və bənzərsiz Pilotsuz Uçuş Aparatı (PUA) texnologiyasının inkişaf etdirilməsi təşəbbüsündə aparıcı rol oynayan Bayraktar dizayn mərhələsindən prototip mərhələsinə, istehsal mərhələsindən investisiya planlaşdırılmasına qədər hər mərhələdə bu layihələrin həyata keçirilməsində fəal və aparıcı rol oynadı. Zamanla “Baykar” dünyanın aparıcı PUA sistemləri istehsalçılarından birinə çevrildi.
Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi
Milli Texnologiya Hərəkatı idealının qabaqcıllarından olan Bayraktarın xatirəsini ölümündən sonra da yaşatmaq, həyatı boyu göstərdiyi səyləri qalıcı iş və tədbirlərlə davam etdirmək üçün başda “Baykar”, “Bayraktar Teknoloji” və T3 Vəqfi olmaqla müxtəlif qurum və təşkilatlar tərəfindən bir sıra layihələr həyata keçirilib və müxtəlif ianələr edilib.
Özdemir Bayraktarın adının yaşadıldığı ən əhəmiyyətli obyekt isə milli PUA-ların inkişaf etdirildiyi və istehsal edildiyi “Baykar”a məxsus texnologiya mərkəzidir. “Bayraktar” tərəfindən qurulan və zamanla “PUA mükəmməllik mərkəzi” halına gələn istehsal bazası Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. 200 min kvadrat metr ərazidə inşa edilən obyektdə istehsal, mexaniki və elektron inteqrasiya mərhələlərini birləşdirən 58 min kvadrat metrlik “Ar-Ge” Dizayn Mərkəzi var. Burada 13 müxtəlif mühəndislik fənni (mühəndislik disiplini) birlikdə işləyir. Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində 100 min kvadrat metrlik qapalı sahədə istehsal və inteqrasiya fəaliyyətləri həyata keçirilir.
“Baykar” və “Bayraktar Teknoloji”nin ianələri ilə Kocaeli Gebzedə TÜBİTAK MAM Kampusu və Ərzincanda 3-cü Ordu Komandanlığı Özdemir Bayraktar Məscidi layihələri həyata keçirilib. İstanbul Texniki Universiteti, İTÜ 1773 Teknopark və “Baykar”ın töhfələri ilə İTÜ Özdemir Bayraktar Dizayn və Prototip Mərkəzi, “Baykar” tərəfindən Kabataş Oğlan Liseyi Özdemir Bayraktar PUA Emalatxanası quruldu.
“Uşaq universiteti”
Özdemir Bayraktarın adına həyata keçirilən layihələrdə uşaq və gənclərin elm və texnologiya ilə görüşmə nöqtəsi olan elm mərkəzləri də mühüm yer tutdu. Trabzondakı Özdemir Bayraktar Elm Mərkəzi yaradılan imkan və avadanlıqlarla texnologiya ilə əhəmiyyətli bir görüşmə nöqtəsinə çevrildi.

Mərkəz Trabzon Böyükşəhər Bələdiyyəsi, Şərqi Qara Dəniz İnkişaf Agentliyi, TÜBİTAK və T3 Vəqfi ilə əməkdaşlıq çərçivəsində müxtəlif yaş qruplarından və müxtəlif mənşəli şəxsləri elmlə bir araya gətirərək elm və texnologiyanı cəmiyyət üçün başa düşülən və əlçatan etmək, cəmiyyət qarşısında elm və texnologiyanın əhəmiyyətini artırmaq məqsədilə həyata keçirilib. Özdemir Bayraktar Elm Mərkəzində 6 fərqli emalatxana, planetarium (planet evi) və sərgi sahəsi var.

Canik Özdemir Bayraktar Kəşf Kampusu və Özdemir Bayraktar Başakşehir Elm Mərkəzinə də tədris materialları və avadanlıqlar baxımından ianələr edildi.
Samsun Valiliyi, Canik Bələdiyyəsi, T3 Vəqfi, Samsun Universiteti, Ondokuz May Universiteti və Samsun İl Milli Təhsil Müdirliyinin töhfələri ilə yaradılan Özdemir Bayraktar Kəşf Kampusu elm və texnologiyanı uşaqlarla bir araya gətirmək məqsədi ilə “uşaq universiteti” layihəsi olaraq həyata keçirilib. Kəşf Kampusunda tələbələr tematik emalatxanalarda müxtəlif elmi sahələrdə sorğu və kəşf əsasında təhsil alırlar.
Bundan əlavə, tələbələrin sosial və emosional sahədə inkişafına dəstək verən müxtəlif sənət və fərdi inkişaf təlimləri və məşğələlər təşkil edilir. Kəşf Kampusunda 1-4-cü sinif şagirdlərindən ibarət məktəb qrupları həftə içi təhsil alır, imtahanla seçilən şagirdlər isə 2 il müddətində həftə sonları spiral kurikulum üsulu ilə 8 fərqli sahədə karyera və maarifləndirmə təlimləri alırlar.

Hər bir mövzuda müxtəlif kəşf sahələri, müxtəlif eksperimental qurğular sayəsində seminarlarda təqdim olunan konsepsiyaları sınayaraq və yaşayaraq öyrənilir. Kəşf şəhərciyində tematik seminarlar və kəşf sahələri ilə yanaşı, “Deneyap” Texnologiya Emalatxanası və Sahibkarlıq Emalatxanası fəaliyyət göstərir. İnşası davam edən Başakşehir Özdemir Bayraktar Elm Mədəniyyəti Həyat Parkında elm mərkəzi və “Deneyap” Emalatxanası qurulacaq.
Hər il böyüyən təqaüd proqramı
“Baykar” 2022-ci ildən başlayaraq T3 Vəqfi vasitəsilə Özdemir Bayraktar Milli Texnologiya Təqaüd Proqramını həyata keçirdi.
Həm maliyyə dəstəyinin təmin olunduğu, həm də Milli Texnologiya Hərəkatının mühüm layihələrində mühüm rolların verildiyi təqaüd proqramında, Fondun yarandığı gündən bu yana 8 min 150 tələbəyə təqaüd verilib. 2024-cü ildə 5 min tələbəyə təqaüd verilməsi planlaşdırılır. 2022-ci ildən başlayaraq təqaüd proqramı üçün 181 milyon 550 min lirə büdcə ayrılıb.
İmkansızlıqlar aradan qaldırıldı
Özdemir Bayraktar adı ilə təşkil edilən başqa bir təşkilatla dünyanın ən böyük texnologiya və aviasiya festivalı olan TEKNOFEST uşaq və gənclərin texnologiya ilə görüşməsinə şərait yaradıb.
“Baykar”ın dəstəyi ilə həyata keçirilən, uşaqları TEKNOFEST-də ailələri ilə birlikdə nəqliyyat xərcləri də daxil olmaqla pulsuz qonaq edən Özdemir Bayraktar “Bir Uşaq Gəlsin Bir Təyyarəyə Toxunsun” Proqramı çərçivəsində Samsun, Ankara və İzmirdəki TEKNOFEST tədbirlərinə 150 min şagird daşındı.
“Baykar”, “Bayraktar Teknoloji” və T3 Vəqfindən başqa bir çox qurum Özdemir Bayraktar adının qalıcı olması və yeni nəsillərə tanıdılması üçün müxtəlif addımlar atıb.
Özdemir Bayraktarın adı təhsil ocaqlarında
Ankara Elmadağ Özdemir Bayraktar Aviasiya və Kosmik Texnologiyalar Peşə və Texniki Anadolu Liseyi orta təhsil müddətində uşaqları kosmos və təhsil texnologiyaları ilə tanış etmək üçün fəaliyyətlər həyata keçirir. Lisey milli və yerli bilik və texnologiya işığında çağın ehtiyaclarını ödəyəcək insan resurslarının yetişdirilməsinə öz töhfəsini verir. Ümumi sahəsi 4 min 770 kvadratmetr olan təhsil, emalatxana və yataqxana binası olmaqla 3 əsas korpusdan ibarət obyektdə 32 sinif otağı, 6 laboratoriya, 2 rəsm və musiqi emalatxanası var.
Esenler Bələdiyyəsi, İnformatika Vadisi, İbn Haldun Universiteti, İTÜ, İstanbul Universiteti, Yıldız Texniki Universiteti, Enter Tech İstanbul Teknoparkı, YTU Yıldız Texnoparkı tərəfindən TEKNOPARK Esenler Özdemir Bayraktar Kampusu yaradılır. Özdemir Bayraktar Aviasiya və Kosmonavtika Fakültəsi Samsun Universiteti tərəfindən tütün anqarından çevrilmiş binada qurulub.
Sultanqazi Özdemir Bayraktar Gənclik və Mədəniyyət Mərkəzi Sultanqazi Bələdiyyəsi tərəfindən yaradılıb. Qaziosmanpaşa Bələdiyyəsi, TÜBİTAK, T3 Vəqfi Qaziosmanpaşa Özdemir Bayraktar Elm Mərkəzini qurub. “Bilim Gaziosmanpaşa” daxilində 6-14 yaş qruplarının təhsil aldığı 5 fərqli elm seminarı mövzusu və orta məktəb ilə lisey qrupları üçün uzunmüddətli təhsilin verildiyi “Deneyap” Emalatxanası mövcuddur.
Sevinc Əliyeva
Ordu.az